Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İmam Zaman (ə.f) ilə bağlı təlim və maarifin yayılması məqsədilə hazırlanan “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət silsiləsinin növbəti mətni oxuculara təqdim olunur.
Xilaskara etiqad həm İbrahimi, həm də digər dinlər arasında ortaq qəbul edilən inanclardan biridir. Bəşəriyyətin mövcudluğunu təhlükə altına alan ağır böhranlar və insanların təkbaşına həll etməkdə aciz qaldığı problemlər tarix boyu xilaskar düşüncəsinin formalaşmasının əsas səbəblərindən olmuşdur.
Xilaskarın zühuru ədalətin bərqərar olması, zülmlə mübarizə və haqqın qələbəsi kimi dəyərlərlə əlaqələndirilməsi səbəbindən insanlar din və məzhəbindən asılı olmayaraq daim xilaskarın gəlişinə maraq göstərmişlər. Bu maraq və intizarın formalaşmasında müxtəlif amillər rol oynasa da media ən təsirli vasitələrdən biri hesab olunur.
Müasir dövrdə media yalnız insanlara birbaşa təsir göstərmir, həm də onların davranış meyarlarının, mədəni dəyərlərinin və dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Bu baxımdan, Hollywood kino sənayesi də 1990-cı illərdən etibarən tədricən öz əsərlərinin əsas mövzularını xilaskarlıq və axırzaman anlayışlarına yönəltməyə başlamışdır.
Hollivud və xilaskara ehtiyac hissinin formalaşdırılması (1)
Hollivudun bir çox axırzaman mövzulu filmlərində diqqət çəkən məqamlardan biri insanlarda xilaskara ehtiyac və intizar hissinin yaradılmasıdır.
Bu qəbildən olan filmlərdən biri də 2023-cü ildə çəkilmiş filmidir. Film insanlarla süni intellekt arasında qarşıdurmanı təsvir edir.
Filmin bəzi səhnələrində xilaskara ehtiyac anlayışı yalnız insanlarla məhdudlaşdırılmır, hətta süni intellektin də xilaskarın zühuruna ehtiyac duyan və onu gözləyən bir varlıq kimi təqdim edildiyi göstərilir.
Hollivud və xilaskara ehtiyac hissinin formalaşdırılması (2)
Hollivud kino sənayesi tamaşaçılarda xilaskara ehtiyac hissi yaratmaq üçün müxtəlif üsullardan istifadə edir. Bu üsulların ən mühümlərindən biri xeyirlə şərin kəskin qarşıdurmasının təsvir edilməsidir. Belə filmlərdə şər qüvvələr o qədər güclü və məğlubedilməz şəkildə təqdim olunur ki, onlara adi vasitələrlə qalib gəlmək mümkünsüz görünür. Nəticədə tamaşaçı mövcud böhrandan çıxış yolunun yalnız xilaskarın meydana çıxmasında olduğunu düşünməyə başlayır.
2013-cü ildə istehsal olunmuş World War Z filmi bu yanaşmanın ən aydın nümunələrindən biridir. Filmdə şər qüvvə kimi təqdim olunan zombilər qısa müddət ərzində bütün dünyanı bürüyərək bəşəriyyətin xilas ümidini minimum həddə endirirlər. Belə bir şəraitdə xilaskar obrazı yeganə çıxış yolu kimi ön plana çəkilir.
Hollivud məhsullarında bu cür süjetlərin davamlı şəkildə təkrarlanması tamaşaçının şüurunda belə bir təsəvvür formalaşdırır ki, dünyanın mürəkkəb problemlərindən qurtuluş yalnız xilaskarın zühuru ilə mümkündür.
Hollivud və xilaskara ehtiyac hissinin formalaşdırılması (3)
Hollivudun istifadə etdiyi digər mühüm üsullardan biri xilaskar obrazını sonsuz fədakarlıq və özünüqurbanvermə simvolu kimi təqdim etməkdir. Rejissorlar emosional və dramatik səhnələr vasitəsilə xilaskarın bəşəriyyət naminə göstərdiyi misilsiz fədakarlıqları nümayiş etdirməyə çalışırlar.
Təbii olaraq, tamaşaçı bu cür qəhrəmanlarla davamlı şəkildə qarşılaşdıqca onlara rəğbət bəsləyir və real həyatda da belə bir xilaskarın gəlişinə böyük maraq göstərir.
2014-cü ildə çəkilmiş İnterstellar filmi bu yanaşmanın ən uğurlu nümunələrindən biri hesab olunur. Filmdə baş qəhrəman bəşəriyyətin xilası naminə şəxsi istək, ailə və ən əziz varlıqlarından keçərək ümumi mənafeyi fərdi maraqlardan üstün tutur. Onun ailəsindən, xüsusilə də çox sevdiyi qızından ayrılması, xilaskar obrazının fədakarlıq simvolu kimi təqdim edilməsinin bariz nümunəsidir.
Hollivudun axırzaman filmlərinin funksiyaları
Birinci funksiya: Axırzaman hadisələrini düzgün və qaçılmaz proses kimi təqdim etmək
Xristianların müqəddəs mətnlərində həzrət İsa Məsihin (ə) zühurundan əvvəl baş verəcək axırzaman hadisələri haqqında geniş məlumat verilir və bəşəriyyət üçün təhlükə yaradan çoxsaylı ağır hadisələrdən bəhs olunur.
Bu baxımdan Hollivudun axırzaman mövzulu filmlərinin əsas funksiyalarından biri həmin hadisələri vizual şəkildə canlandırmaq və tamaşaçıya belə bir mesaj ötürməkdir ki, xilaskarın hakim olduğu ideal dövrə çatmazdan əvvəl böyük böhran, müharibə və sarsıdıcı hadisələrin baş verməsi təbii və qaçılmaz bir prosesdir. Bu hadisələr müəyyən ardıcıllıq və sistem çərçivəsində baş verir və onlardan yayınmaq mümkün deyil.
İkinci funksiya: Bəşər cəmiyyətinin mövcud inkişaf istiqamətinin təhlükələri barədə xəbərdarlıq etmək
Hollivudun axırzaman mövzulu filmlərinə baxdıqda, onların mühüm bir hissəsinin müasir insan həyat tərzinə tənqidi yanaşma təqdim etdiyini görmək olur. Bu filmlərdə təsvir olunan böyük miqyaslı fəlakətlər çox vaxt insanın öz davranışlarının, seçimlərinin və inkişaf modelinin nəticəsi kimi göstərilir. Yəni böhranların səbəbi xarici amillər deyil, birbaşa insan faktorudur.
Məsələn, Terminator seriyası və 2023-cü ildə çəkilmiş The Creator filmində insan tərəfindən yaradılmış süni intellektin zamanla bəşəriyyət üçün ciddi təhlükəyə çevrildiyi göstərilir. Beləliklə, insanın öz yaratdığı texnologiya onun sivilizasiyasını təhdid edən və hətta məhvə aparan bir amilə çevrilir.
Üçüncü funksiya: Yumor vasitəsilə axırzaman qorxusunun zəiflədilməsi
Son illərdə axırzaman mövzusunda yumor elementləri olan filmlərin sayı artmışdır. This Is the End və The World’s End (2013) kimi filmlərdə axırzaman hadisələri ciddi və qorxulu atmosferdə deyil, yumoristik üslubda təqdim olunur.
Bu yanaşmanın əsas nəticələrindən biri tamaşaçılarda yaranan qorxu və gərginliyin azaldılmasıdır. Belə filmlərə davamlı baxış insanların axırzaman hadisələrinə daha yüngül və zarafat dolu münasibət formalaşdırmasına səbəb olur. Nəticədə bu mövzu ilə bağlı ümumi qorxu hissi tədricən zəifləyir.
İslam xilaskar obrazına bənzər modelin təqdim olunması
2020-ci ildə yayımlanan Messiah serialı son illərin ən çox müzakirə olunan filmlərdən biridir. Serialda “Əl-məsih” adlandırılan obrazın kimliyi açıq şəkildə müəyyən edilmir və onun hansı dinə aid olduğu izləyicinin şərhinə buraxılır. Bununla belə, obrazın təqdimatında İslam mənbələrindəki xilaskar konsepsiyası ilə müəyyən oxşarlıqlar diqqət çəkir.
Baş rolu canlandıran müsəlman aktyor Məhdi Dəhbi tərəfindən ifa olunan bu obraz serial boyunca müxtəlif dini və metafizik adlarla adlandırılır. (Məsih, peyğəmbər və.s) Lakin o, bu adlandırmalara açıq şəkildə etiraz etmir.
Personaj yüksək intellektə malik, siyasi elmlər üzrə təhsil almış və müxtəlif çətin situasiyalardan məharətlə çıxan bir fiqur kimi təqdim olunur. Serialda onun həm müsbət, həm də şübhəli tərəfləri balanslı şəkildə göstərilməyə çalışılsa da, bəzi qatlarda onun xilaskar obrazı ilə əlaqələndirildiyi müşahidə olunur.
Elm, bəşəriyyətin yeganə xilaskarı
Hollivudun axırzaman mövzulu filmlərində müxtəlif xilaskar obrazları və fərqli “xilas modelləri” təqdim olunur.
2024-cü ildə yayımlanan və Netflix platformasının ən yüksək büdcəli seriallarından biri hesab edilən 3 Body Problem bu baxımdan elmi mərkəzli axırzaman narrativinin tipik nümunəsidir. Serial əsasən fizika problemi ətrafında qurulsa da süjet xətti siyasi motivlərlə də zənginləşdirilmişdir. Burada göstərilir ki, təxminən 400 il sonra yadplanetli varlıqlar Yerə yaxınlaşaraq bəşəriyyət üçün ciddi təhlükə yaradacaqlar.
Bu proses fonunda insanlığın bir qismi yadplanetlilərin gəlişini qəbul edir və onları ilahi varlıq kimi görməyə meyl göstərir. Digər qisim isə bütün ümidini yalnız inkişaf etmiş insan elminə və texnologiyasına bağlayaraq bu böhranı sırf elmi imkanlarla aradan qaldırmağa çalışır. Bu yanaşmada hər hansı ilahi və metafizik gücün rolu tamamilə inkar edilir.
Qeyd etmək lazımdır ki, yalnız elmi xilaskarlıq ideyasını önə çıxaran və ilahi xilas anlayışını kənarlaşdıran bu tip süjetlər Qərb kinematoqrafiyasında geniş şəkildə müşahidə olunur.
Bu mövzuların ardı var …
Qum Elmi hövzəsinin məhdəviyyət ixtisas mərkəzinin (Qərb və məhdəviyyət qrupu) hazırladığı material əsasında, redaktə olunaraq yazılıb.
Rəyiniz